Xəbər verdiyimiz kimi, bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırıraq ərazidə tullantıların idarə olunmasına cavabdeh Qobu bələdiyyəsinin sədri Araz Nəcəfov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 3 500 manat məbləğində cərimə edilib.Bununla yanaşı ona ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Ümumiyyətlə belə bir halda bələdiyyə sədrinin cərimə edilməsi nə qədər qanunauyğundur, üstəlik bütün dünyanın koronovirus pandemiyası ilə mübarizə apardığı bir vaxtda belə cərimənin kəsilməsi nə qədər mənitqə uyğun hesab etmək olar?
Bu suala Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov aydınlıq gətirib:
- Azərbaycavn Respublikası Nazirlər Kabinetinin “şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydalar”ınin 6.1 bəndinə əsasən məişət tullantılarının daşınmasını, xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsilə, yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları, həmçinin müvafiq təşkilatlarla müqavilə bağlamış və tullantıların daşınması və emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilər. Təsdiq edilən “Qaydalar”a uyğun olaraq məişət tullantılarını xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsilə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları daşımalıdır. Bələdiyyələr o vaxt cərimələnə bilər ki, məişət tullantılarını daşımaq üçün müvafiq təşkilatlarla müqaviləsi olsun. Müqavilə də o bələdiyyə ilə bağlana bilər ki, onun xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsi olsun. Respublikada 1-2 bələdiyyədə belə maşınlar var. ən çox cərimələnən kənd bələdiyyələridir ki, onların da nə müqaviləsi var nə də ki, xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsi.
Birincisi, bələdiyyələri ona görə cərimələyirlər ki, bir çox bələdiyyə sədrlərinin məişət tullantılarının daşınması “Qaydaları”ndan xəbərləri yoxdur.
ikincisi, bələdiyyə yiyəsiz bir təşkilat hesab edildiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bələdiyyə sədrlərini cərimələyir. Nəticə olaraq qeyd edə bilərəm ki, Nazirliyin əməkdaşlarının məişət tullantılarının daşınmasına cavabdeh olan yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumlarını cərimələməyə curətləri çatmaz.
Bəlkədə ona görə, nazirlik əməkdaşları yerli orqanlar kimi bələdiyyələrə üstünlük verirlər.
P.S. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fikirləri bilmək bizim üçün də maraqlıyıq, bu qurumunda fikirlərini verməyə hazırıq.
Belediyye.info